REGİONLAR


Lənkəranda “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib

A+ A

Lənkəran, 30 avqust, Bağır Əliyev, AZƏRTAC 

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda növbəti tədbirini avqustun 30-da Lənkəran şəhərindəki Gənclər Evində keçirib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.

Seminarda yerli sahibkarlar, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi bölməsinin, Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon kənd təsərrüfatı və statistika idarələrinin işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən layihə rəhbəri Vamiq Babayev layihənin məqsədi, donoru və təşkilat haqqında məlumat verərək, ölkəmizdə aqrar bölmənin inkişafı sahəsində dövlət tərəfindən görülən işlər, həyata keçirilən layihələrdən danışıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mikayıl Cəfərzadə çıxışında layihənin əhəmiyyətini və tədbirin sahibkarlara verəcəyi töhfəni yüksək dəyərləndirib.

Ekspert, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru Balayar Şahbazov mövzu ilə bağlı çıxış edib. B.Şahbazov çıxışında yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması, yerli istehsalın sosial problemlərin həllində rolu, ekoloji təmiz məhsulun alınması, ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin təşkili, yerli istehsalın ölkəyə idxal olunan genetik modifikasiya olunmuş (GMO) məhsulun qarşısının alınmasında əhəmiyyəti barədə danışıb.

Yeli sahibkarlar Adil Məmmədov, Şahüseyin Rəhimov, Səxayil Əzimov, Malik Nəzərov və başqaları arıçılıq, tərəvəzçilik, çəltikçilik, heyvandarlıqla bağlı təkliflər irəli sürərək, regionda süni şan sexinin yaradılmasınıın faydalarından danışıblar.

Geniş müzakirələrdən sonra layihədən ilkin stimullaşdırıcı dəstək alacaq şəxslərin müəyyən edilməsi üçün hazırlanan ərizə formaları iştirakçılara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.