REGİONLAR
Lənkəranda ahıllara xüsusi diqqət və qayğı göstərilir
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər yaşlı nəslin nümayəndələrini əlamətdar gün münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Bildirilib ki, Beynəlxalq Ahıllar Günü Azərbaycanda 1993-cü ildən qeyd edilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı göstərib. 2001-ci il iyunun 22-də ölkəmizdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab edilirlər.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də davam edir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Diqqətə çatdırılıb ki, yaşlı nəslin nümayəndələrinin problemlərinin həlli Lənkəran rayonunda da daim diqqət mərkəzində saxlanılır. Onların problemlərinin həllinə rayonda fəaliyyət göstərən ictimai birliklər və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsi, veteranlar və ağsaqqallar şuraları rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənirlər.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası Lənkəran rayon şöbəsinin sədri Kamal Kələntərli, qurumun sədr müavini Sərhad Məmmədov, rayon veteranlar şurasının sədri Musarza Əzimov, Milli Qəhrəman atası hacı Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışıblar. Ahıllara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ahıla qiymətli hədiyyələr təqdim olunub, yaşlı nəslin nümayəndələrinə ərzaq yardımı paylanılıb.
Bayram süfrəsi arxasında davam edən tədbirdə rayon musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış ediblər.