REGİONLAR


Lənkəranda baramaçılığın yenidən dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir

A+ A

Lənkəran, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Bir vaxtlar Azərbaycanda kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən, ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunda da baramaçılığın yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev bildirib ki, 1991-ci ildə Lənkəranda 49 ton barama istehsal olunub. Sonrakı illərdə bu gəlirli sahə tamamilə unudulub. Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, bu ildən Lənkəran rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınır, köhnə bağlarda bərpa işləri aparılır. Bu il rayonda 40 min tut tinginin əkilməsi nəzərdə tutulur. Əkin aparılacaq sahələrdə şumlama, hamarlama işləri başa çatdırılıb.

Artıq bir neçə gündür rayonun yaşayış məntəqələrində, o cümlədən İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında tut tinglərinin əkininə başlanılıb.

Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib ki, tut ağacları əkiləcək sahələr yüksək aqrotexniki qaydada hazırlanıb. Əkinin birinci günündə 3 minə yaxın ting aqrotexniki qaydalara uyğun əkilib. Ümumilikdə isə təsərrüfatda 5 min tut tinginin əkilməsi nəzərdə tutulub.

Çoxprofilli təsərrüfat olan “Yaşıl çay”da çayçılıq, heyvandarlıq, tərəvəzçilik və digər sahələr də uğurla inkişaf etdirilir.

Hazırda rayonda tut tinglərinin əkini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.