REGİONLAR


Lənkəranda çay yığımına başlanılıb

Lənkəran, 17 may, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında yaşıl çay yarpağı yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, ilk yığım kampaniyasını yüksək səviyyədə və optimal müddətdə başa vurmaq üçün çaybecərənlər bütün qüvvələri səfərbərliyə alıblar.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq son illər Lənkəranda çayçılığın inkişafı istiqamətində bir sıra işlər görülüb, mövcud çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, məhsul istehsalçılarına verilən subsidiyalar rayonda çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb.

Araz Yaqubovun rəhbərlik etdiyi “Yaşıl çay” fermer təsərrüfatının bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. 2015-ci ildə - “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin sahələrində bu il daha bol məhsul gözlənilir.

Plantasiyalardan yığılan yaşıl çay yarpağı təsərrüfatın nəzdindəki emal sexində bir neçə istehsal prosesindən keçərək qablaşdırılır.

A.Yaqubov bildirib ki, təsərrüfatda 61 hektarda çay plantasiyası salınıb. Bu il daha 10 hektarda yeni əkin sahələri salmaqla, mövcud plantasiyaların həcmini 71 hektara çatdıracaq. Gələcəkdə isə bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən il fermer təsərrüfatında 42 hektar çay plantasiyasında 90 ton yaşıl çay yarpağı yığılıb. Bu il isə bu rəqəmin artacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.