CƏMİYYƏT
Lənkəranda cinayət törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla müəyyən edilib ki, həmin tarixdə saat 22 radələrində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin polis nəfəri, kiçik serjant Malik Cahangirov digər polis əməkdaşları ilə birlikdə rayonun Ürgə kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülən çayda qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı mübarizə aparmaq məqsədilə reyd keçirərkən orada motorsuz qayıqla rayon sakinləri Rafiq Əskərov və Bəhruz Hüseynovun qanunsuz balıq ovu ilə məşğul olduqlarını görüb suya girərək həmin qayığı əli ilə saxlamaq istəyib. Bu zaman R.Əskərov qanunsuz balıq ovunda istifadə etdiyi suya elektrik cərəyanı buraxmaq üçün kustar üsulla xüsusi hazırlanmış əl torunu M.Cahangirovun olduğu yerdə suya salıb elektrik cərəyanı buraxaraq sonuncunu qəsdən öldürüb hadisə yerindən qaçaraq gizləniblər.
Rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Əskərov və B.Hüseynov sentyabrın 30-da tutularaq şübhəli şəxs qismində istintaqa cəlb olunublar.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.