REGİONLAR
Lənkəranda erkən çay yarpağı yığımına başlanılıb
Lənkəran, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın cənub bölgəsində otuz ildən sonra ilk dəfə Lənkəranda aprel ayında çay yarpağı yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran və Astara rayonlarının çay plantasiyalarında ilk məhsul yığımı ənənəvi olaraq may ayının ikinci ongünlüyündən başlanırdı. Bu il əlverişli hava şəraiti və bitkilərə göstərilən düzgün aqrotexniki qulluq çayçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına çay yığımına apreldə başlamaq üçün real imkanlar yaradıb.
Çayçılıqla məşğul olan Fermer Ağaşirin Ağayev bildirib ki, ilk yığım zamanı çay bitkisinin yarpaqları nisbətən zərif, onların tərkibindəki üzvü maddələr daha yüksək dərəcədə olur. Toplanan yarpaqlar “Astaraçay” MMC-nin çay fabrikində emal edilir. Almaniyadan gətirilmiş müasir avadanlıqla qablaşdırılan yerli çay məhsulunun artıq bu ildən xaricə ixracına başlanılacaq. Bunun üçün müvafiq keyfiyyət sertifikatları əldə olunub.
Sahənin baş aqronomu İsrafil İsrafilov əlavə edib ki, italyanlar onlardan çay nümunələri götürüblər.
Lənkəran və Astara rayonlarında salınan yeni çay plantasiyaları tam məhsuldarlığa hələ bir neçə ildən sonra düşəcək. Bu isə məhsul istehsalının 5-6 dəfəyədək artmasına səbəb olacaq.