REGİONLAR
Lənkəranda gənclər üçün treninq keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gənclər üçün treninq keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Marketinq araşdırmalarının aparılması”, “Menecment”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə marketinqin növləri və prinsipləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.