REGİONLAR
Lənkəranda gənclərin regional forumu keçirilib
Lənkəran, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 19-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Astara, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Biləsuvar, Salyan və Neftçala rayonlarında fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi forumda aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov rayonda keçirilən tədbirlərdə gənclərin yaxından, yüksək fəallıqla iştirak etdiyini bildirərək, dövlətin gənclərə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb, onlara Vətənə layiq vətəndaş olmalarını arzulayıb.
Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov mövzu ilə bağlı çıxış ediblər.
Regional forumda gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi, dövlət gənclər siyasəti, təhsil və gənclərin intellektual inkişafı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və məşğulluğu, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı və qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılıb.
Sonda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərən bir qrup gəncə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları verilib.