REGİONLAR
Lənkəranda heyvandarlığın inkişafına diqqət artırılıb
Lənkəran, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Lənkəran rayonunda aqrar bölmənin digər sahələri kimi, heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, rayonun heyvandarlıq təsərrüfatlarında süni mayalanma yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibi yaxşılaşdırılır, heyvandarlıqla məşğul olan fermerlər yüksək məhsuldarlığa nail olmaq və daha çox gəlir əldə etmək üçün xaricdən lizinq yolu ilə mal-qara gətirməyə üstünlük verirlər.
Lənkəranlı fermer İntiqam Məmmədovun təsərrüfatında 23 baş çins iribuynuzlu mal-qarası var. O, Almaniyadan gətirilmiş bu inəkləri lizinq yolu ilə güzəştli qiymətə alıb. Cins mal-qara 5 ay əvvəl bala verib və hazırda onların sayı 40 başa çatıb.
Təsərrüfatını daha da genişləndirmək istəyən İ.Məmmədov deyib: “Ətlik və südlük olan bu heyvanlara yaxşı xidmət olunarsa, gündə 40 litrə qədər süd verə bilər. Hazırda yemin qiyməti çox baha olduğundan almaq sərfəli deyil. Yaxşı ki, vaxtında yem ehtiyatı toplamışıq.”
Fermeri narahat edən problem isə mal-qaradan sağılan südü istədikləri qiymətə sata bilməməsidir: “Biz əvvəllər südü emal müəssisələrinə verirdik. Südü çox ucuz qiymətə götürdüklərinə görə onlara süd verməkdən imtina etdik. İndi südü müəyyən fiziki şəxslərə satırıq. Onlar südün 1 litrini 50 qəpiydən alırlar. Bu, zavodlara nisbətən daha sərfəlidir.”
İ.Məmmədov fermer təsərrüfatını genişləndirdikdən, heyvanların sayını artırdıqdan sonra mal-qaranın bir qismini ətlik istiqamətində inkişaf etdirməklə satışa çıxarmaq niyyətindədir.