REGİONLAR
Lənkəranda idman şurası yaradılacaq
Lənkəran, 27 yanvar, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) tələbə gənclər arasında idmanın inkişafına və zərərli vərdişlərlə mübarizəyə həsr edilmiş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun rektoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, tələbə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, bu istiqamətdə ali təhsil ocağında görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
“Dəyirmi masa”da Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov, şahmat məktəbinin direktoru, əməkdar məşqçi İdrak Dadaşov, tibb məktəbinin direktoru İqbal Əmənullayev, şəhər gənclər və idman idarəsi rəisinin müavini Nazim Vəliyev və başqaları müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Qeyd olunub ki, gənclərin istirahətinin və asudə vaxtlarının səmərəli təşkilinə, idmanın kütləviliyinə diqqət daha da artırılmalıdır. İctimaiyyət sağlam həyat tərzi istiqamətində daha sıx birləşməli, zərərli vərdişlərə qarşı birgə mübarizə aparmalıdır.
Diqqətə çatdırılıb ki, bu gün Lənkəran Dövlət Universitetində idman klubu, açıq və qapalı idman zalları, stadion, Lənkəran Humanitar Kollecində, tibb məktəbində, peşə liseyində, ümumtəhsil məktəblərində sadə idman qurğuları, o cümlədən voleybol, futbol meydançaları və s. fəaliyyət göstərir.
“Dəyirmi masa”da Lənkəranda ali, orta ixtisas, idman, ümumtəhsil məktəblərinin nümayəndələrindən ibarət idman şurasının yaradılması qərara alınıb.