REGİONLAR
Lənkəranda kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkilinə dair müzakirələr aparılıb
Lənkəran, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkili” mövzusunda seminar keçirib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu gücləndirməklə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.
Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarından olan sahibkarlar, bələdiyyə üzvləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi bölməsinin nümayəndələri iştirak ediblər.
Təlim məşğələsində çıxış edən layihənin rəhbəri Vamiq Babayev layihə və onun məqsədləri, bu çərçivədə cənub bölgəsinin rayonlarında keçirilən tədbirlər barədə məlumat verib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mikayıl Cəfərzadə, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin müdir müavini Elvin Nəhmətli, layihə üzrə ekspert, Lənkəran Dövlət Universitetin dekanı, kənd təsərrüfatı elmləri doktoru Balayar Şahbazov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda ekoloji təmiz məhsulun alınması üçün yerli istehsalın əsas şərt olması, proqramlaşdırılmış məhsula görə gübrə normalarının təyini, kənd təsərrüfatında torpaq iqlim şəraiti nəzərə alınmaqla istehsalın təşkilinin əhəmiyyət, rayonlaşdırılmış sortlardan istifadə kimi mühüm amillərdən bəhs olunub.
Açıq diskussiya şəklində davam edən seminarda mövzu ətrafında müzakirələr aparılıb.
Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov, sahibkarlar Əfqan Quliyev, Ələsgər Hüseynov, Zahir Babayev, Zümrüd Hüseynova, bələdiyyə nümayəndələri Telman Ağayev, Səbuhi Həsənov layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən, onun qeyri-neft sektorunun inkişafına, sahibkarlığın stimullaşdırılmasına verdiyi töhfədən, məşğulluq və işsizlik problemlərinin həllinə müsbət təsirindən danışıb, müvafiq təkliflər irəli sürüblər.
Tədbir başa çatdıqdan sonra iştirakçılar arasından xüsusi ərizə forması ilə əvvəlcədən müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə yeni başlayan 5 nəfərə arı pətəkləri, 8 nəfərə isə toxumluq buğda verilib.