SİYASƏT
Lənkəranda parlament seçkiləri ilə bağlı layihənin icrasına başlanılıb
Lənkəran, 2 sentyabr, AZƏRTAC
“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi Lənkəranda “Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” adlı layihənin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə sentyabrın 1-dən noyabrın 30-dək olan müddəti əhatə edəcək.
Milli Məclisə seçkilərlə bağlı gənclərin maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan layihə çərçivəsində respublika üzrə 18-29 yaşarası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda üç günlük təlim kursları təşkil olunacaq.