REGİONLAR
Lənkəranda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib
Lənkəran, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclasında payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda şəhər icra hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin gündəlikdəki məsələ ilə bağlı məruzəsi dinlənilib. O, rayon elektrik şəbəkəsində, Regional Qaz İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində, su-kanal, mənzil-istismar və kommunal müəssisələri, mənzil təsərrüfatı, 42 saylı yol-istismarı, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı idarələrində, istilik sistemləri istismarı sahəsində, telekommunikasiya qovşağında, mədəniyyət və turizm, təhsil şöbələrində, Mərkəzi Rayon Xəstəxanasında, neft terminalı bazasında, dəmiryol stansiyasında, meşə mühafizəsi və bərpası müəssisəsində, “Lənkəran-Sərnişin” ASC-də və şəhərdaxili yollarda payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər barədə ətraflı məlumat verib, mövcud nöqsanları diqqətə çatdırıb.
Toplantıda ayrı-ayrı xidmət sahələrinin rəhbərləri çıxış edərək payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.
İclasa sədrlik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işləri qənaətbəxş hesab edib, mövcud nöqsanların aradan qaldırılacağına əminliyini bildirib. Şura iclasında bu məsələnin yenidən müzakirəyə çıxarılacağını vurğulayan T.Qaraşov xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar verib
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.