REGİONLAR
Lənkəranda qanunsuz yolla süzmə və kəsmik məhsulları istehsalı ilə məşğul olan sex aşkar edilib
Lənkəran, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin əməkdaşları Lənkəranda növbəti reyd keçiriblər.
AZƏRTAC xəbər verir ki, reyd zamanı Lənkəran rayonunun Göyşaban kəndində İbrahimov Laçın Vilayət oğluna məxsus yaşayış evində standartın və normativ sənədin tələblərinə cavab vermədən antisanitar şəraitdə kustar üsullarla süzmə və kəsmik istehsal olunduğu aşkarlanıb.
Araşdırma zamanı istehsal olunan məhsulların istehsalında istifadə olunan xammalların, o cümlədən süd məhsullarının məişət tullantıları atılan yerdən götürülərək istifadə olunması da üzə çıxıb.
İstehsal olunan süd məhsullarının üzərində heç bir marka, eləcə də gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları mövcud olmayıb.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun inzibati qaydada cəza tədbirləri tətbiq olunub.
İlkin olaraq istehsal olunmuş heç bir normativ sənədi olmayan süzmə və kəsmik məhsullarının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.