REGİONLAR
Lənkəranda radikalizm və ekstremizm mövzusunda müzakirələr aparılıb
Lənkəran, 11 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən regional seminar-müşavirədə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının prokurorları, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nın yerli strukturlarının rəhbərləri, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminə baxıblar.
Seminar-müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dünyada gedən proseslərin, dini zəmində baş verən qarşıdurmaların, radikalizm və ekstremizmin, islamafobiya meyillərinin İslam ölkələrinə dağıdıcı təsirlərindən danışıb, bu kimi mənfi halların qarşısının alınması baxımından regional tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
T.Qaraşov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxışında dini zəmində baş verən münaqişələrin, radikalizm və ekstremizmin müsəlman ölkələrinə ciddi zərbə vurduğunu və bu proseslərin müsəlman ölkələrinin tənəzzülünə səbəb olduğunu bildirərək, ölkəmizdə bu kimi proseslərin qarşısının alınmasında DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin və hüquq-mühafizə orqanlarının birgə əməkdaşlıq etdiyini, həmin sahədə ciddi işlərin aparıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan S.Heydərov bununla ölkəmizin tarixi missiya həyata keçirdiyini, İslam ölkələrini sülhə, həmrəyliyə çağırdığını bildirib.
Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktik və inzibati tədbirlərdən danışıb, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Qəni Axundzadə çıxışında İslam dininin elm dini olduğunu, bu dinin xurafatdan uzaq şəkildə təbliğində maarifləndirmənin vacibliyini vurğulayaraq, cənub bölgəsində dini sabitliyin mövcud olduğunu diqqətə çatdırıb.