REGİONLAR
Lənkəranda sahibkarlar üçün treninq keçirilib
Bakı, 26 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə "Made in Azerbaijan" brendinin yaradılması, brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, investisiya təşviqi sənədinin alınması üçün hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən investisiya layihəsinin (biznes planın) tərtib edilməsinə dair Metodiki Tövsiyələr, investisiya təşviqi ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatların qiymətləndirilməsinə dair Metodiki Təlimat və sair barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib. Bu xidmətlərin bəziləri "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Bununla yanaşı, iştirakçılara apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və sair barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.