REGİONLAR
Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Lənkəranda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Made in Azerbaijan" brendinin yaradılması" mövzularını əhatə edən treninqdə ixrac bazarları, ixracyönümlü məhsulların istehsalı, ixracın stimullaşdırılması tədbirləri, innovativ texnologiyalar, brend məhsullar və onların məqsədli bazarlara istiqamətləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir iştirakçıları, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barəsində də ətraflı məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.