CƏMİYYƏT
Lənkəranda tank əleyhinə mina tapılıb
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən Lənkəran şəhərində dəniz kənarından partlamamış hərbi sursat aşkar edilib.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, tank əleyhinə təlim minası (TM-62 P3) zərərsizləşdirilməsi üçün götürülüb və ümumilikdə 2000 kvadratmetr ərazi yoxlanılıb.
Agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kvadratmetr ərazi (56 860 kvadratmetr ərazi əl ilə və 34 200 kvadratmetr ərazi mexaniki üsulla) yoxlanılıb.