REGİONLAR
Lənkəranda turistlərin qeydiyyat prosesində yeniliklərin tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib
Lənkəran, 10 iyun, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə turizm sahəsinə göstərilən dövlət qayğısı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan turizmin inkişafına müsbət təsir göstərib. Respublikamıza xarici turistlərin axınını nəzərə alaraq turizm və istirahət mərkəzlərində onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Xarici turistlərin ölkəmizə daxil olmalarını asanlaşdırmaq və qeydiyyatlarının təkmilləşdirilməsi ilə bağlı bir sıra normativ aktlar, o cümlədən mehmanxana və mehmanxana tipli obyektlərdə, turizm və istirahət mərkəzlərində əcnəbi turistlərin qeydiyyatınin yeni norma və qaydaları qəbul olunub.
AZƏRTAC xəbər verir ki, iyunun 15-dən yay turizm mövsümünün başlaması ilə əlaqədar olaraq xarici turistlərin qeydiyyatında olan yeniliklərin tətbiqi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran Turizm və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lənkəranda fəaliyyət göstərən 17 mehmanxana və mehmanxana tipli obyektin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Rejiminə Nəzarət və Qeydiyyat Bölməsinin rəisi Amil Sahibov əcnəbi vətəndaşların qeydiyyatı qaydaları barədə iştirakçılara məlumat verib.
Tədbirin sonunda mehmanxana və mehmanxana tipli müəssisələrin nümayəndələrinin əcnəbi vətəndaşların qeydiyyatı ilə bağlı verdiyi suallar cavablandırılıb.