REGİONLAR
Lənkəranda uşaqların tibbi müayinəsi mütəşəkkil qaydada davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə ərazisində 18 yaşadək uşaqların tibbi müayinədən keçirilməsi kampaniyası ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da mütəşəkkil qaydada davam edir.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər 5 nömrəli uşaq bağçasında keçirilən aksiyada 128 uşaq tibbi müayinədən keçirilib.
Tibbi müayinələrin gedişinə bölgəyə ezam olunmuş Respublika Uşaq Kliniki Xəstəxanasının həkimləri də nəzarət ediblər.
İndiyədək rayonda 20 minə yaxın uşaq tibbi müayinədən keçirilib. Müayinələr zamanı 700 uşaqda müxtəlif xəstəliklər aşkar olunub. Onlardan 15 nəfəri müalicə məqsədilə Bakı şəhərinin tibb müəssisələrinə göndərilib. Digər xəstələr isə Lənkəran Şəhər Uşaq Poliklinikasında ambulator müalicə alırlar.
Dekabrın sonunadək davam edəcək kampaniya dövründə rayonda 18 yaşadək olan 48 min uşağın tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.