Lənkərandakı qədim “Sığon” məzarlığında arxeoloji qazıntılar aparılacaq
Lənkəran, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Qədim tarixi abidələrlə zəngin olan Lənkəran rayonunda maddi-mədəniyyət nümunələrindən biri də “Sığon” məzarlığıdır.
AZƏRTAC xəbər verir ki, “Sığon” məzarlığı 2001-ci ildən yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb. Tarixi eradan əvvəl III-V əsrlərə gedib çıxan “Sığon” məzarlığı daş qəbirlərdən ibarət olduğu üçün yerli sakinlər buranı “sığon”, yəni “daşlar” adlandırıblar.
Ərazidə ilk dəfə 1886-1889-cu illərdə fransız arxeoloqu Jak de Morqan tərəfindən tədqiqatlar aparılıb. Arxeoloji qazıntılar nəticəsində məzarlıqda son tunc, ilk dəmir dövrünə aid əşyalar tapılıb.
Tədqiqatçı İldırım Şükürzadə məzarlıqda aparılan arxeoloji qazıntılar barədə danışarkən deyib ki, fransız arxeoloq tapdığı ən qiymətli nümunələri Fransanın San Jermen Muzeyinə göndərib. XX əsrin 60-cı illərində isə arxeoloq Fərman Mahmudovun rəhbərlik etdiyi qrup burada tədqiqat aparmağa başlayıb və 200-dən çox qəbir aşkar olunub. Vaxtilə 40 hektar ərazini əhatə edən qəbiristanlığın sahəsi hazırda 250 kvadratmetrdir.
Qeyd edək ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yeni arxeologiya şöbəsi yaradılıb. Şöbə cənub-şərqi regionda yerləşən bütün arxeoloji abidələrin araşdırılması ilə məşğul olacaq. Mərkəzin arxeologiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov yaxın zamanlarda “Sığon” qəbiristanlığında da arxeoloji qazıntıların aparılacağını bildirib.