REGİONLAR
Lənkəranın Qumbaşı kəndində qəzalı vəziyyətdə olan körpünün əsaslı təmirinə başlanılıb
Lənkəran, 15 sentyabr (AZƏRTAC). Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində inşa edilmiş körpü qəzalı vəziyyətə düşdüyünə görə burada əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, təmir və bərpa işlərinə “Körpü-Bina” tikinti şirkətinin ağır texnikaları və 60-a yaxın canlı qüvvəsi cəlb olunub.
1955-ci ildə inşa edilmiş körpünün qəzalı vəziyyətə düşməsinin səbəb iritonnajlı ağır yük maşınlarının burada intensiv hərəkəti olub.
Körpüdə təmir işləri aparıldığına görə həmin ərazidən Bakı şəhəri və Astara rayonu istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb. Avtonəqliyyat vasitələri alternativ yol kimi Lənkəran-Boradigah və Boradigah-Masallı yolundan istifadə edirlər.
İnşaatçılar körpüdə əsaslı təmir işlərini bir həftə müddətində başa çatdırmaq üçün axşam saatlarında da işi davam etdirirlər.