REGİONLAR
Lənkəranın Tüədo kəndində 27 hektar çay plantasiyası bərpa edilib
Lənkəran, 4 iyul, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin iş adamlarına hər cür dəstək göstərilməsi ilə bağlı tapşırıqları regionlarda sahibkarlıq fəaliyyətinə böyük təkan verib.
AZƏRTAC xəbər verir ki, bu dəstək sayəsində Lənkəran rayonunun Tüədo kəndində ötən əsrin 90-cı illərindən baxımsız qalan çay plantasiyalarının bərpasına başlanılıb. Kənddəki çay plantasiyalarında 25 illik fasilədən sonra ilk dəfə çay yığımına başlanılıb.
Rayon mərkəzindən 50 kilometr aralıda yerləşən Tüədo kəndində 1980-ci ildə ictimai təsərrüfata məxsus çay plantasiyaları ötən ilədək istifadəsiz və bərbad vəziyyətdə idi. Bölgədə tanınmış aqronom olan Mirismayıl Hüseynov dövlətimizin başçısının sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən istifadə edərək baxımsız qalan bu ərazilərdə çayçılığı inkişaf etdirməyə başlayıb. Bu məqsədlə kənddə “Tüədoçay” MMC yaradılıb.
M.Hüseynov bildirib ki, kəndin şimal-qərb hissəsində dağlıq ərazidə yerləşən ümumilikdə 40 hektar sahəni əhatə edən çay plantasiyalarının 27 hektarında bərpa işləri yekunlaşıb. Təxminən 400 nəfərə yaxın sakini olan Tüədo kəndində çay plantasiyasının 60 hektara çatdırılması, bundan sonra isə kiçik çay emalı fabrikinin tikilməsi nəzərdə tutulur. Həmin fabrikdə 100 nəfərdən çox kənd sakini çalışacaq.