REGİONLAR
Lənkəranın çəltik sahələrində yeni məhsuldar növlər əkiləcək
Lənkəran, 19 iyul, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Lənkəranda tərəvəzçilik və çəltikçilikdə yeni yüksək məhsuldar növlərin nümayişi, onların becərmə texnologiyası və toxumçuluğun təşkili mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə əhalinin kartof, tərəvəz və bostan məhsulları ilə təminatının müasir vəziyyəti və inkişaf perspektivləri, yeni çəltik növlərinin yerli şəraitdə sınaqdan keçirilməsi və qiymətləndirilməsi, rayonlaşmış və perspektivli tərəvəz növlərinin ilkin toxumçuluğunun təşkili mövzusunda müzakirələr aparılıb.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev bildirib ki, hər il xarici ölkələrdən Azərbaycana 22 min tondan artıq düyü gətirilir. Bu, çox böyük valyuta ehtiyatının xaricə getməsi deməkdir. Halbuki, bizim bu sahədə böyük potensialımız var. Bu prosesin qarşısı alınmalı və düyünü özümüz istehsal etməliyik.
Lənkəranın çəltik sahələrində yeni məhsuldar növlərin əkiləcəyini vurğulayan R.Balayev qeyd edib ki, Azərbaycanda yetişdirilən düyünün keyfiyyəti yüksək olduğundan xalq arasında da çox məşhurdur. Amma, hələlik kəmiyyət baxımından bu, məqbul hesab edilmir.
Elmi-praktik konfrans başa çatdıqdan sonra tədbir iştirakçıları Lənkəran Bölgə Təcrübə Stansiyasında, tərəvəz və çəltik sahələrində olublar.