REGİONLAR
Lənkəranın sitrus bağlarında aqrotexniki tədbirlər davam etdirilir
Lənkəran, 13 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun sitrus bağlarında aqrotexniki tədbirlər davam etdirilir. Meyvə sahələrində suvarma, dərmanlama ilə yanaşı, calaq işləri də aparılır.
AZƏRTAC xəbər verir ki, yaz fəslində cənub bölgəsinə yağan intensiv yağışlar subtropik meyvə bağlarında bir sıra xəstəliklərin yaranmasına səbəb olsa da, məhsul istehsalçıları dərmanlama ilə bunun qarşısını ala biliblər.
Naringi, limon və portağal ağaclarında məhsuldarlıq yaxşı olsa da, feyxoada bu, nisbətən azdır.
Fermer Elşad Höccətov bildirib ki, çiçəkləmə dövründə intensiv yağışlar yağdığı üçün feyxoa ağaclarında tozlanma getmədiyindən məhsuldarlıq aşağı düşüb.
Yay mövsümündə quraqlıq olduğundan meyvə bağları ayda iki-üç dəfə suvarılır. Paralel olaraq sahələrdə dərmanlama işləri davam etdirilir. İndi həm də payız calağının başlandığı vaxtdır. Calaq işləri oktyabr ayına kimi davam edəcək.
Oktyabr ayından cənub bölgəsinin sitrus bağlarında feyxoa və naringi yığımına başlanılacaq.