REGİONLAR
Lənkəranın turizm potensialının təbliği məqsədilə bələdçi kitabın elektron variantı təqdim edilib
Lənkəran, 13 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun turizm potensialının təbliği məqsədilə bələdçi kitabın elektron variantı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti və Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə rayonun turizm potensialının təbliği məqsədilə “Lənkəran” bələdçi kitabının elektron variantının təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları Mərkəzin foyesində rayonun turizm potensialını əks etdirən fotosərgi və sənətkarlıq sərgisi ilə tanış olublar.
Çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov ölkəmizdə, o cümlədən Lənkəran rayonunda turizm sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu gün turizm sahəsinin inkişafı ölkəmizdə prioritet sahələrdən biridir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində də bu sahədə kompleks işlər görülür.
Bildirilib ki, turizmin inkişafı üçün, ilk növbədə, tanıtım tədbirləri böyük önəm daşıyır. Bu baxımdan ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən “Lənkəran” bələdçi kitabı hazırlanıb. Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunan kitabın ərsəyə gəlməsində əsas məqsəd turistlərə Lənkəranın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, muzey və mədəniyyət ocaqları haqqında məlumatlar verməkdir. Eyni zamanda, ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi hazırlanıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Manafova rayonda turizmin inkişafı ilə bağlı görülən işlər barədə danışaraq, belə tədbirlərin turizmin inkişafında böyük rol oynadığını bildirib.
Sonra “Lənkəran” bələdçi kitabının elektron variantının təqdimatı olub, rayonun turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi nümayiş etdirilib.