REGİONLAR
Lənkəranın ümumtəhsil məktəblərini 4000-dən çox məzun bitirib
Lənkəran, 14 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunun ümumtəhsil məktəblərində də dərs ilinin başa çatdığını bildirən son zəng çalınıb. On bir il bundan əvvəl titrək addımlarla məktəbə qədəm qoyan onbirincilər bu gün o illərə “əlvida” deyiblər.
Son zəng münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə məzunlar, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, IX və XI siniflərin məzunları onların qayğısını çəkən, elmin sirlərini səylə, səbrlə öyrədən, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirərək, Azərbaycanımıza, doğma yurda, el-obaya layiqli vətəndaş olmalarına söz veriblər.
Çıxış edənlər məzunları əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əmin olduqlarını ifadə ediblər.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində Lənkəran rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən 1798 nəfəri XI, 2217 nəfəri isə IX sinfi bitirib.