REGİONLAR
Lənkəranlı ağır atlet İsveçrədə qitə birincisi olub
Lənkəran, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran ağır atletika məktəbinin yetirməsi Səbinə Əzimova İsveçrədə keçirilən yeniyetmələrin Avropa çempionatında uğurla çıxış edərək qitə birincisi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin tərkibində 50 kiloqram çəki dərəcəsində xanımların mübarizəsinə qoşulan həmyerlimiz Avropa çempionatında birdənqaldırma və təkanlaqaldırma hərəkətlərinin cəminə görə qızıl medala sahib çıxıb.
On beş yaşlı Səbinə Əzimova Avropa çempionu olmaqla yanaşı, eyni zamanda, yeni rekordu da müəyyən edib. O, 91 kiloqram ağırlıq qaldırmaqla bu nailiyyəti aktivinə yazıb.
Səbinənin müəllimi Taleh Hüseynov bildirib ki, yetirməsi bu yarışda çox böyük uğura imza atıb və çəkilən əziyyətlər hədər getməyib.
Qeyd edək ki, Səbinə Əzimova həm yeniyetmə və gənclərin, həm də böyüklərin iştirakı ilə keçirilən ağır atletika üzrə Azərbaycan çempionatlarında dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.