REGİONLAR
Lənkəranlı fermerlər pomidor sahələrindən 75 min tondan çox məhsul yığmağı planlaşdırırlar
Lənkəran, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Lənkəran rayonunun təsərrüfatlarında pomidor əkininə başlanılıb. Fevral ayında parnik təsərrüfatlarında səpilən pomidor toxumları 60-65 gün şitillik dövrünü başa vurduqdan sonra açıq sahələrə köçürülür.
AZƏRTAC xəbər verir ki, Lənkəran Zona Təcrübə Stansiyasında əkin zamanı “Zəfər”, “Alsu”, “İlkin” və “Leyla” pomidor növlərindən istifadə edilir. Stansiyanın elmi işçisi Bahaddin Ağayev bildirib ki, pomidor əkini başa çatdıqdan sonra bitkilərə qulluq işlərinə başlanılacaq. Hava şəraitindən asılı olaraq pomidor əkini kampaniyasının on gün müddətində başa çatacağını bidirən B.Ağayev sahələrdən məhsul yığımının iyun ayının ilk ongünlüyünə təsadüf edəcəyini diqqətə çatdırıb.
Ölkəmizdə məhsul istehsalçılarına edilən güzəştlər, dövlət tərəfindən verilən subsidiyalar tərəvəzçiliklə məşğul olan fermerlərin bu sahəyə marağını artırıb. Lənkəranda tərəvəz kombinatının və konserv zavodunun fəaliyyətə başlaması isə istehsal olunan məhsulların realizə edilməsi üçün geniş imkanlar açıb. Bütün bunların nəticəsidir ki, bu il rayonda pomidor əkini sahələrinin genişləndirilərək 3 min hektara çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Lənkəran rayonunda 2 min 467,5 hektar sahədə pomidor əkilib və 74 min ton məhsul götürülüb. Bu il isə fermerlər Lənkəranda pomidor sahələrindən 75 min tondan çox məhsul yığılmasını proqnozlaşdırırlar.