MƏDƏNİYYƏT
Lenta.ru: Bakıda turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb
Bakı, 30 mart, AZƏRTAC
“Moskvadan təyyarə ilə üç saatlıq yol və budur, Şərq nağılı - Bakı şəhəri. Nə türk, nə də ərəb, bizim postsovet şəhəri. Alışdığımız rus dili, sovet filmlərindən tanış gələn yerlər, paxlava və ətirli pomidorlar”.
Rusiyanın Lenta.ru saytı Azərbaycan paytaxtı haqqında belə yazır. “Mersi, Baku! Azərbaycanın paytaxtı turistləri necə valeh edir” adlı məqalədə deyilir ki, Bakı təmizlikdə nümunəvi şəhərdir.
Yazıda paytaxtımızın yaşıllığına və çoxsaylı fəvvarələrinə diqqət yetirilir. Bildirilir ki, şəhərdə həm sakinlərin, həm də qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Müəllif Bakının tarixi ilə tanışlığa “Atəşgah məbədi” qoruğundan başlayır. Yazıda nadir tarixi abidə adlandırılan “Atəşgah məbədi” haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, minlərlə turistin ziyarət etdiyi daha bir abidə “Yanardağ”dır. Turistlər “Yanardağ”ın fonunda selfi çəkdirmədən oradan ayrılmırlar.
“İçərişəhər isə Bakının incisidir. O dar küçələri bütün gün gəzməyə hazıram”, - deyə müəllif yazır. Diqqətə çatdırılır ki, məhz burada məşhur “Brilliantovaya ruka” filmi lentə alınıb. Oxucuların diqqətini möhtəşəm Şirvanşahlar Sarayı Kompleksinə çəkən müəllif vurğulayır ki, ildə bu kompleksi on minlərlə turist ziyarət edir.
Məqalədə Bakının ən məşhur tarixi abidəsi olan Qız qalasının tarixindən də bəhs edilir. Məlumat verilir ki, paytaxtımızın rəmzi hesab olunan Qız qalası 2000-ci ildən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Müəllif yazır ki, Bakının bir tərəfində İçərişəhərin istehkam divarları, digər tərəfində isə göydələnlər xarici qonaqları valeh edir.
Yazıda qeyd edilir ki, turistlərin fotoşəkillər çəkdirmək üçün gedəcəyi daha bir mədəni istirahət yeri Dağüstü parkdır. Dağüstü parkdan şəhərə və Bakı buxtasına ecazkar mənzərə açılır. Azərbaycanın milli mətbəxinə səyahət edən müəllif düşbərə, qutab, dolma, plov, ələlxüsus da kabab kimi təamlardan dadmağı tövsiyə edir.
Məqalədə, həmçinin Azərbaycan iqtisadiyyatının gücləndiyi və paytaxt Bakının məşhur turizm şəhərinə, o cümlədən alış-veriş üçün sevimli bir məkana çevrildiyi vurğulanır. Müəllif bu il aprelin 10-dan mayın 10-dək paytaxtımızda ilk dəfə Bakı Şoping Festivalının keçiriləcəyini oxucuların diqqətinə çatdırır.