REGİONLAR


Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur VİDEO

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Lerik rayonunda 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, uzunluğu 36 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.

Hazırda yolboyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.

Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Asfaltlanacaq sahə 200 min kvadratmetrdən çoxdur.

Yolda hər biri 2 aşırımlı olmaqla 3 ədəd körpü keçidi əsaslı şəkildə təmir ediləcək. Bundan başqa suların ötürülməsi üçün 70 yerdə müxtəlif diametrli ümumi uzunluğu 1162 poqonmetr olan dəmir-beton borular və 1 ədəd eni 4 metr, hündürlüyü isə 2,5 metr olan düzbucaqlı dəmir-beton suötürücü də quraşdırılacaq.

Layihəyə uyğun bütün işlər yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

Dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlara əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Lerik rayonu Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə gediş-gəliş xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafına da səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.