REGİONLAR
Lerikdə 550 ailəyə bayram sovqatı paylanılıb
Lerik, 2 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lerikdə müqəddəs Qurban bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini Qurban bayramı münasibətilə təbrik edib.
Qurban bayramının müsəlman aləminin ən gözəl, tarixi, ruzi-bərəkət bayramlarından biri olduğunu vurğulayan R.Bağırov ölkəmizdə həmişə olduğu kimi, bu ildə də bu bayramın yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb.
Bayramla əlaqədar ölkəmizin hər yerində qurbanların kəsildiyini, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın firavan və əmin-amanlıqla yaşadığını qeyd edən icra hakimiyyətinin başçısı bayram mərasimlərində dövlətimizin inkişafı və tərəqqisi üçün duaların edildiyini, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş etdirildiyini bildirib.
Sonra qurbanlar kəsilərək rayonda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə, ümumilikdə 550 ailəyə bayram sovqatı paylanılıb.