REGİONLAR


Lerikdə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib

Lerik, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 25-də Lerik Rayon Mədəniyyət Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda DQİDK-nın və rayon icra hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, eləcə də cənub bölgəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın, YAP Lerik rayon təşkilatının üzvləri, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Regional konfransın birinci panelində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib. Komitə sədri İslam dininin xalqımızın mənəvi həyatını daha da zənginləşdirdiyini, onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrildiyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Mübariz Qurbanlı dövlətimizin başçısının 2016-cı ili “Multikulturalizm İli” və 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə həm multikulturalizmi dəyərsizləşdirən Qərb dünyasına, həm də nifaq və ixtilaf yaşayan İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və fanatizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb.

QMİ-nin bölgə üzrə qazısı Qəni Axundzadə dövlətimizin dinə və dindarlara qayğısından, ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən danışıb.

Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

Lerik Rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov məruzəsində gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən bəhs edərək, gəncləri radikallığa və ekstremizmə qarşı mübarizədə bir olmağa, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa səsləyib.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verib.

DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışlarında dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov regionlarda keçirilən bu konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması olduğunu diqqətə çatdırıb.

Çıxışında ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İlinin” önəminə toxunan Gündüz İsmayılov İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları birliyə səslədiyini bildirib.

Sonda iştirakçıların mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, təklif və mülahizələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.