CƏMİYYƏT
Lerikdə İslam həmrəyliyinin təbliğində dini icmaların rolu məsələsi müzakirə olunub
Bakı, 16 may, AZƏRTACd
Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
DQİDK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Cəlil Baxşiyev rayonun dini durumu haqqında ətraflı məlumat verib.
Ölkəmizdə bütün dinlərə bərabər münasibətin göstərildiyini vurğulayan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarixboyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən S.Salahlı hər bir müsəlmanın İslam dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. O, bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin bu tarixi missiyanı həyata keçirdiyini vurğulayıb. Komitə sədrinin birinci müavini İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirib. Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyini qeyd edib.
Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov və dini icma sədrləri çıxışlarında xalqımızın zəngin milli-mənəvi, multikultural və tolerant dəyərlərə sahib olduğunu bildiriblər.