REGİONLAR
Lerikdə aqrar bölmənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Lerik, 5 fevral, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı məsulları istehsalının çoxaldılması ilə bağlı tapşırıqlarının icrası ilə bağlı Lerikdə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti aparatının məsul işçilərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, bələdiyyə sədrlərinin, ərazi icra nümayəndələrinin, kənd təsərrüfatı mütəxəssislərinin, kəndli-fermer təsərrüfatı başçılarının iştirak etdiyi toplantıda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qarşıya qoyulmuş vəzifələrdən danışıb. Bildirib ki, dünyada neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə aqrar bölmənin inkişafının zəruriliyini qarşıya qoyub.
Qeyd olunub ki, rayonda kənd təsərrüfatının ən gəlirli sahələrindən olan bitkiçiliyin, o cümlədən taxılçılığın, kartofçuluğun inkişaf etdirilməsi, tütünçülüyün və üzümçülüyün dirçəldilməsi prioritet məsələdir.
Bildirilib ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Lerik rayonunda bu istiqamətdə görüləcək işlər müəyyənləşdirilib, mütəxəssislər və mülkiyyətçilərlə müvafiq söhbətlər aparılaraq görüləcək işlər barədə onların təklifləri dinlənilib.
Lerik rayonunun kənd təsərrüfatı rayonu olduğunu vurğulayan R.Bağırov qeyd edib ki, rayonda 12 min hektara yaxın əkinə yararlı torpaq sahəsinin olmasına baxmayaraq, bunun yalnız 4 min hektarı əkilir. Qalan torpaqlar isə örüş və biçənək məqsədilə istifadə olunur.
Diqqətə çatdırılıb ki, taxılçılıq və kartofçuluq rayonda ənənəvi əkin sahələridir. Həmin bitkilərin əkin sahələrini genişləndirilməli, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmalıdır.
Müşavirədə çıxış edən kənd təsərrüfatı mütəxəssisləri və fermerlər rayonda aqrar bölmənin inkişaf etdirilməsi üçün mikro- kreditlərin verilməsi, əkin, becərmə və məhsul yığımı zamanı texnikaların çatışmazlığı, rayonda toxumçuluq təsərrüfatının, yun və süd emalı məntəqələrinin, istifadəsiz qalan torpaq sahələrinin birləşdirilərək iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı təkliflərini bildiriblər.
Çıxış edənlər dövlətin anti-böhran tədbirlərini dəstəklədiklərini qeyd edərək görülən bütün bu tədbirlərin ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıblar.
Müşavirədə verilən təkliflərlə bağlı müvafiq qərar qəbul edilib.