REGİONLAR
Lerikdə ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları müzakirə edilib
Lerik, 10 avqust, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında şura iclasında 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatların Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərdiyini bildirib.
Qeyd olunub ki, dağlıq ərazidə yerləşən Lerikdə havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin aparılması mümkün olmadığından 2017-ci il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə əsasən aprel ayından başlanılıb. Artıq Lerik şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanlara asfalt döşənir. Şəhərdə mövcud olan fəvvarələrdə əsaslı təmir işləri aparılır. Xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi, kommunal binaların bloklarında təmir işləri həyata keçirilir.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun hesabat məruzəsi dinlənilib.
Müzakirələrdə rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, su-kanal idarəsinin rəisi Asif İmanov, təhsil şöbəsinin müdir əvəzi Hicran İbrahimov çıxış edərək, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Yığıncağı yekunlaşdıran icra hakimiyyətinin başçısı R.Bağırov qarşıda duran vəzifələrlə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.