REGİONLAR


Lerikdə keçirilən konfransda istehlakçı hüquqları ilə bağlı müzakirələr aparılıb

Lerik, 18 iyul, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon Mədəniyyət Mərkəzində “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən konfransda istehlakçı hüquqları ilə bağlı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcud vəziyyət təhlil olunub, aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri barədə müzakirələr aparılıb. Konfrans iştirakçıları, həmçinin dövlət orqanları -istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərinə dair fikirlərini bölüşüblər.

Konfransda çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”sində istehlak bazarı və sahibkarlığın inkişafı ilə bağlı rayon icra hakimiyyətlərinin vəzifələri müəyyənləşdirilib. Əsasnaməyə uyğun olaraq, Lerik rayonunda ticarətin sanitar-gigiyenik qaydalara uyğun təşkili və əhaliyə göstərilən digər xidmətlərin vəziyyəti yoxlanılıb, bu məqsədlə işçi qrupu ilə birgə reydlər keçirilib, vətəndaş müraciətləri yerində araşdırılıb. Aşkar edilmiş nöqsanların operativ aradan qaldırılması üçün obyekt rəhbərlərinə hüquqi məsləhətlər verilib, digər qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Konfransda qeyd edilib ki, rayon icra hakimiyyətinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı 2016-cı ildə 77, bu ilin altı ayı ərzində isə 29 müraciət daxil olub. Müraciətlərə vətəndaşların iştirakı ilə baxılıb, icra hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan müraciətlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılıb.

C.Baxşıyev çıxışında, həmçinin sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi və onların qarşılaşdığı problemlərin operativ həll edilməsi məqsədilə Lerik Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurasının fəaliyyəti barədə məlumat verib, rayon icra hakimiyyətinin rəsmi saytında Apellyasiya Şurası üçün ayrıca elektron ünvan yaradıldığını bildirib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, bilavasitə insan hüquqlarının qorunması deməkdir. Hüquqlarımızı bilməli, istehlakçı ilə istehsalçı arasındakı münasibətləri dəyərləndirməyi bacarmalıyıq. Bununla təkcə özümüzə deyil, ailəmizə, yaxın ətrafımıza, nəticə etibarılə cəmiyyətimizə xidmət etmiş olarıq”.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Kamran Umudovun “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, Xidmətin şöbə müdirinin müavini Mirdaməd Kərimovun “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, sektor müdiri Yusif Hüseynovun “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzularında məruzələri dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.