REGİONLAR
Lerikdə keçirilən tədbirdə Azərbaycanın demokratik islahatlar sahəsindəki təcrübəsindən danışılıb
Lerik, 19 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi doğru, düzgün və məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizin bütün regionları sürətlə inkişaf edir, sosial problemlər həll edilir, insanların rifah halı yüksəlir.
AZƏRTAC xəbər verir ki, bu fikir Lerikdə “Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayonun Piran kəndi ərazisində fəaliyyət göstərən sənaye müəssisəsində - “Lerik Broyler” quşçuluq fabrikində yaradılan şəraitlə tanış olublar.
“Dəyirmi masa” ətrafında keçirilən tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin başladığı neft strategiyasını uğurla davam etdirir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Azərbaycanın bölgədəki lider mövqeyi daha da möhkəmlənib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilməsi isə Azərbaycanın iri maliyyə tutumlu layihələri reallaşdırmağa qadir olduğunu göstərdi. Bütün bunlar həm də ölkəmizin iqtisadi müstəqilliyini dünyaya nümayiş etdirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası insanların kəndlərdən şəhərlərə axınının qarşısını alıb, kənd təsərrüfatının, ümumilikdə isə qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasına əvəzsiz töhfələr verib.
Diqqətə çatdırılıb ki, regionların inkişafının bariz nümunəsini Lerikin timsalında da görmək olar. Respublikamızda həyata keçirilən uğurlu iqtisadi və demokratik islahatlar bu rayonun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib. Rayonun siması tanınmaz dərəcədə dəyişib, yaşayış məntəqələrində quruculuq-abadlıq işləri böyük vüsət alıb. Azərbaycan Prezidentinin Lerikin inkişafına xüsusi diqqət və qayğısı nəticəsində dağların qoynunda hər cür müasir infrastrukturu olan şəhər tikilib.
Tədbirdə Milli Məclisin deputatları Hadı Rəcəbli, İqbal Məmmədov və Rüfət Quliyev, MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dimitri Qladey, institutun eksperti Dimitri Barışnikov, institutun Bakı filialının direktoru Elman İmaməliyev, müstəqil ekspertlər və digərləri çıxış edərək ölkəmizdə müxtəlif istiqamətlər üzrə həyata keçirilən demokratik islahatlardan danışıb, o cümlədən bu islahatların respublikanın inkişafına töhfəsindən bəhs ediblər.