REGİONLAR
Lerikdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Lerikdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, marketinq mövzularını əhatə edən treninqdə iştirakçılara marketinq, onun prinsipləri və istiqamətləri, bazar araşdırmalarının aparılması, satışın təşkili və idarə edilməsi, məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik barədə ətraflı məlumat verilib.
Treninqdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" barədə danışılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar edilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.