REGİONLAR
Lerikdə tütünçülük təsərrüfatı genişləndirilir
Lerik, 16 may, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Lerik rayonunda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub.
AZƏRTAC xəbər verir ki, 25 illik fasilədən sonra Lerikdə ikinci ildir tütün əkilir. Aqrar bölmədə çalışanlara göstərilən dövlət dəstəyindən ruhlanan məhsul istehsalçıları gələcəkdə əkin sahələrini genişləndirmək niyyətindədirlər.
Havaların yağmurlu keçməsi əkin kampaniyasının optimal müddətdə başa çatmasına zəmin yaradıb. Məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “Virciniya” və “İmmuno” tütün növlərinə üstünlük verirlər.
Bu növ tütün bitkisinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 25, quru halda isə 2 ton məhsul götürmək mümkündür.
Cari il Lerikdə 25 hektar sahədə tütün əkilməsi, əkin kampaniyasının mayın sonuna kimi başa çatdırılması nəzərdə tutulub.