REGİONLAR
Lerikin Mastail kəndinə ilk dəfə təbii qaz verilib
Lerik, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 23-də Lerik rayonunun Mastail kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 135 abonenti olan kənddə bütün evlərə qaz sayğacları quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, ziyalılar, kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, Milli Məclisin deputatı İqbal Məmmədov, ağsaqqal Adil Rzayev, gənclərin nümayəndəsi Sadiq Mirzəzadə və başqaları kənd sakinlərini əlamətdar hadisə və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir, dünya birliyində yerini daha da möhkəmləndirir. Son illər Dövlət proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişir, müasirləşir, əhalinin rifah halı daha da yaxşılaşır. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur.
Rayonun Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin inşası məhz son illərin töhfəsidir.
Kəndin sakinləri müqəddəs Ramazan bayramı ərəfəsində onlara ikiqat sevinc yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.