QAN YADDAŞI
Leriklilər Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar VİDEO
Lerik, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Leriklilər Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, fevralın 24-də Lerik Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.
Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da Xocalı faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilir.
Xocalı faciəsinə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən R.Bağırov bu gün bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı, tarixçi Qafur Xosiyev çıxışlarında yüz illər boyu erməni millətçilərinin Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətindən söz açaraq, bu qanlı faciənin soyqırımı aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasının vacibliyini diqqətə çatdırıblar.
Lerik şəhər 3 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Kənan Seyfullazadə faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeirini oxuyub.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” filmi nümayiş etdirilib.