ELM VƏ TƏHSİL
Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Azərbaycan Tarix Muzeyinin (MATM) kolleksiyasının ilkin təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Leyla İmanova kolleksiyanın əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, tədbirin keçirilməsinin məqsədi mühafizə edilən qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır. L.İmanova kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə ədəbiyyatın araşdırılması üçün bu sahə üzrə mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıb. O deyib: “Tarixi həqiqətlərin, ərazimizə aid Azərbaycanın mənafeyini əks etdirən tarixi faktların məhz erməni mənbələrindən tapılması Azərbaycanın xeyrinə güclü təsdiqləyici vasitə olardı”.
L.İmanova bildirib ki, Tarix Muzeyinin MEK-ə hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatının 2017-ci ilin martında AMEA-nın Tarix, Şərqşünaslıq və digər institutlarının, səfirliklərin iştirakı ilə keçirilməsi planlaşdırılır.
Sonra MEK-in əməkdaşı Mehri Həsənli mövzu ilə bağlı təqdimatla çıxış edib. Məlumat verilib ki, ötən il Tarix Muzeyi tərəfindən 4 min 598 kitab hədiyyə olunub. Muzeyin kolleksiyasına rus, şərq və əski erməni dilində olan mənbələr daxildir. Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilməli və elektron kataloqa salınmalıdır.
Təqdimat iştirakçıları bu tipli tədbirlərin keçirilməsinin tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.