MƏDƏNİYYƏT
Leypsiq şəhərində dünyanın ən böyük birgə bəstəsi olan “125 Party Pieces” adlı konsert keçirilib
Berlin, 9 fevral, AZƏRTAC
Almaniyanın Leypsiq şəhərinin UT Connevitz zalında “Leypsiq müasir musiqi forumu” tərəfindən dünyanın ən böyük birgə bəstəsi olan “125 Party Pieces” adlı konsert keçirilib. Konsert proqramına daxil olan musiqilər Qerhard Müller-Qoldbumun rəhbərliyi ilə “Work in progress - Berlin” orkestrinin ifasında səsləndirilib.
Müasir avanqard janrının tanınmış nümayəndəsi, amerikalı bəstəkar və filosof Con Keycin anadan olmasının 100 illiyinə həsr olunmuş layihədə ABŞ və Almaniyanın 100 bəstəkarı iştirak edib. Layihəyə hazırlıq 2010-cu ildən başlanıb və bununla əlaqədar Almaniya və ABŞ-da yaşayan tanınmış bəstəkarlara müraciət edilib. Sonra “Leypsiq müasir musiqi forumu” üçün seçim edilib. Layihənin ABŞ üzrə təqdimatı 2015-ci ildə Nyu-York şəhərində, Avropa üzrə təqdimatı isə cari ilin yanvarında Leypsiq şəhərində keçirilib. Bütün dünya üzrə bu layihə üçün seçilən 100 bəstəkarın sırasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti” fəxri adının daşıyıcısı, Xalq Artisti, professor Firəngiz Əlizadə də yer alıb. Firəngiz Əlizadə bu möhtəşəm layihənin Avropa premyerasında iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin