CƏMİYYƏT
Leysan Pirsaatçay və Ağsuçayda daşqına səbəb olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Oktyabrın 16-da Pirsaatçay və Ağsuçaydan qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-300, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-300 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 150 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 13 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 124 kubmetr olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 40 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 485, Salyanda 288, Bankədə 249, Novruzlu məntəqəsində isə 195 santimetrdir.