REGİONLAR


Leysan yağışı Qəbələdə ciddi fəsadlar törədib VİDEO

A+ A

Qəbələ, 17 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Oktyabrın 15–16-da Qəbələ rayonuna yağan aramsız leysan yağışı nəticəsində yaranan sel suları ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, dağlardan gələn sel suları Qəbələ şəhərinin şimal hissəsində yerləşən “Qafqaz Resorte” və “Qafqaz Sahil” otellərinə, həmçinin turizm kompleksinə daxil olan kotteclərə, "Fitnes” Sağlamlıq Mərkəzinə, Qəbələ-Laza və Qəbələ-Duruca avtomobil yollarına, "Aquva Park" istirahət mərkəzinə, eləcə də bir sıra istirahət mərkəzlərinə ciddi ziyan vurub, küçələrdə qalın lil-çınqıl qatı əmələ gəlib. Lil çöküntüləri və sel suları piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Otellərin həyəti qalın lil qatı ilə örtülüb, binaların zirzəmisinə su dolub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda rayonda leysan yağışı davam edir.

Sel sularının yararsız hala saldığı ərazilər, eləcə də yollar, otel kompleksinin, sağlamlıq və istirahət mərkəzlərinin ərazisi qum və çınqıldan təmizlənir, yolun asfalt örtüyü su maşınları vasitəsilə yuyulur. Qəbələ-Duruca və Qəbələ-Laza yolunda nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür. Təsərrüfatın ayrı-ayrı sahələrində baş verən fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin, eləcə də rayonun aidiyyəti qurumlarının ağır texnikası və canlı qüvvəsi təmizləmə-bərpa işlərinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.