CƏMİYYƏT
Leysan yağışları Girdimançayda qısamüddətli daşqına səbəb olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb və Girdimançay çayından qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-270, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 137 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 80 kubmetr olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 22 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 498, Salyanda 329, Bankədə 249, Novruzlu məntəqəsində isə 215 santimetrdir.