SİYASƏT
Li Baodon: Dost və tərəfdaş Çin Azərbaycanın uğurlarına sevinir VİDEO
Pekin, 29 may, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun dövlətçiliyimizdəki rolundan danışıb.
Diplomat XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın ötən müddətdə böyük inkişaf yolu keçdiyini, güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini bildirib. Qeyd edib ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri dünya iqtisadiyyatına önəmli töhfələr verir.
Gündən-günə güclənən Azərbaycanın dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdıran səfir deyib ki, ölkəmiz xarici siyasətində beynəlxalq hüququn qarşılıqlı hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərini rəhbər tutur.
L.Qəndilov qeyd edib ki, Azərbaycanın ən ağrılı məsələsi ərazisinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalıdır. Biz münaqişənin həllində beynəlxalq ictimaiyyətin, o cümlədən Çinin dəstəyinə ümid edirik.
İki ölkə arasında münasibətlərdən söz açan səfir deyib ki, hazırda əlaqələrimiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstək, ticarət dövriyyəsinin artması deyilənləri bir daha təsdiq edir.
L.Qəndilov Azərbaycanın Çinin tərəfindən irəli sürülən “İpək yolu iqtisadi kəməri” və Asiya İnfrastruktur İnvestisiyaları Bankı təşəbbüslərini ilk dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.
Çin xarici işlər nazinin müavini Li Baodon hökumət adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Nazir müavini deyib ki, müstəqillik illərində Azərbaycan siyasi sabitliyi, dinamik iqtisadi inkişafı təmin edərək müxtəlif sahələrdə böyük uğurlara imza atıb. Dost və tərəfdaş Çin Azərbaycanın bu uğurlarına sevinir.
Ölkələrimizin bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etdiyini bildirən Li Baodon deyib ki, Çin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafından məmnundur.
Tədbir iştirakçılarına Azərbaycan haqqında nəşrlər, o cümlədən “İrs” və “Baku” jurnalının nüsxələri paylanılıb.
Mərasimdə “Bakı-2015” ilk Avropa oyunları haqqında video da nümayiş olunub. Rəsmi qəbul “Pekində görüş” incəsənət festivalında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatıb. Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, müğənni Vüsalə Rəcova və nağara ifaçısı Siyavuş Kərimovun ifa etdikləri xalq mahnıları və muğamlar, habelə tələbələrimizin ifasında milli rəqslərimiz mərasim iştirakçılarının böyük marağına səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin