Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Liderlik iddiaları və BMT: islahatlar qarşısındakı əsas əngəl

Liderlik iddiaları və BMT: islahatlar qarşısındakı əsas əngəl

Hazırda qlobal səviyyədə müşahidə edilən bir sıra ədalətsizliklərin səbəbi barədə mütəxəssislər analizlər aparır, müxtəlif faktorlara diqqəti çəkirlər. Onların hər biri əhəmiyyətlidir. Lakin, nədənsə, mütəxəssislər bir vacib məqamı - böyük dövlətlərin liderlik iddialarından əl çəkmədiklərini vurğulamırlar. Sanki bu, təbii tələbatdır. Reallıq isə ondan ibarətdir ki, keçən əsrin ikinci yarısından başlayaraq supergüclərin liderlik ambisiyaları ciddi geosiyasi problemlərə gətirib çıxarıb və onların həllində Birləşmiş Millətlər Təşkilatı (BMT) acizdir. Nəzəri araşdırmalara görə, ümumiyyətlə, bu kimi məsələlərdə BMT-nin qərarlarının səmərəli olması üçün, ilk növbədə, dünya liderliyi iddialarından imtina edilməlidir. Bu barədə düşünən supergüc varmı? Mütəxəssislərin fikirləri nədən ibarətdir?

Milli təhlükəsizlik: liderlik iddiası və ədalətli mövqe kontekstində

Məlumdur ki, tarixi dövrün dəyişməsi ilə təhlükəsizlik sistemi də yeniləşir. Bu o deməkdir ki, qlobal təhlükəsizlik daim stabil qalan məzmun və formaya malik deyil. O cümlədən onun struktur-funksional özəllikləri də müntəzəm olaraq yeni çalarlar kəsb edir. Təhlükəsizlik sistemi dinamik olub tarixi mahiyyət daşıyırsa, ona təkamüldə olan açıq və mürəkkəb sistem kimi baxa bilərik. Bu keyfiyyətdə qlobal təhlükəsizliyin struktur və funksional xüsusiyyətləri ilə onun sistemli fəaliyyəti arasında sıx bağlılığın olması qənaətinə gəlmək olar.

Həmin kontekstdə yeni təhlükələr və təhdidlərin meydana gəlməsi qlobal təhlükəsizlik sistemində ciddi struktur-funksional, dəyər və fəaliyyət dəyişikliklərinin yaranmasına səbəb ola bilir. Müasir dövrün çağırışları fonunda bu tezisin əhəmiyyətini dərk etmək mümkündür. İndi yeni təhlükə və təhdidlər bütövlükdə dünyanın geosiyasi nizamının yeniləşməsi və təhlükəsizlik sisteminin radikal dəyişikliklərə uğramasının əsas səbəblərindən biri hesab edilir.

Buraya yeni silah növlərinin yaradılmasını da əlavə etmək gərəkdir. Məlumdur ki, hazırda böyük dövlətlər sürətlə daha təkmil silahlar yaradırlar. Onların kütləvi qırğın və dağıntı imkanları genişlənir. Kütləvi qırğın törədə biləcək silahlar daha mükəmməl olur. Artıq dünyanın istənilən nöqtəsini dəqiq vurmaq qabiliyyətinə malik silahlar mövcuddur. Yer kürəsi hərbi inkişaf və informasiya texnologiyaları sayəsində "çox kiçilib". Bütün bunlar yeni təhlükəsizlik paradiqmasının və praktikada tətbiq edilə bilən təhlükəsizlik sisteminin formalaşdırılmasına ehtiyac yaradır. Müasir mərhələdə qlobal təhlükəsizliklə bağlı qarşıda dayanan əsas nəzəri vəzifə məhz bundan ibarətdir.

Qeyd etmək lazımdır ki, dünyanın aparıcı analitikləri yeni dünya nizamının formalaşması prosesi kontekstində təhlükəsizlik paradiqmasının da yeniləşməsi zərurətini daim vurğulayırlar. Bu istiqamətdə tədqiqatı aktual edən əsas faktor da bundan ibarətdir. Çünki hələlik nə nəzəri olaraq təkmil təhlükəsizlik paradiqması mövcuddur, nə də onun əsasında yaradılmış, praktiki tətbiqə hazır təhlükəsizlik sistemi tamamlanmışdır.

Nümunə kimi amerikalı professor Kristofer Fettvaysın bir fikrini göstərə bilərik. Tüleyn Universitetinin professoru yazır: "Müasir mərhələyə adekvat yanaşa bilməmək qüsuru yalnız KİV üçün deyil, eyni zamanda Qərb siyasətçiləri üçün də xarakterikdir. Amerikan strateji dairələri artıq 25 ildir ki, yeni zamanın ruhunu anlamaq və onu dərk etmək üzərində baş sındırırlar. Biz hələ gələcək fəaliyyət üçün məntiqi fəaliyyət planından danışmırıq...". Müəllifin fikrincə, bu cür situasiya qlobal strategiya hazırlamağa mane olur və dünya xaosa doğru bir addım da yaxınlaşır.

Bəzi tədqiqatçılar isə ümumi mənzərəni daha qorxulu təsvir etməyə çalışırlar. Onların əsas arqumenti ondan ibarətdir ki, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Qərbin nəzarəti altında olmayan dünya nizamı formalaşa bilər. Onun aparıcı qüvvəsi Rusiya-Çin əməkdaşlığıdır. Bunu isə Qərbdə "dünyanın parçalanması" kimi qiymətləndirirlər. Yəni əgər ABŞ-a alternativ lider formalaşsa və bir neçə sürətlə inkişaf edən ölkələrin geosiyasi təsir dairəsi genişlənsə, onda dünya qeyri-müəyyənlik ilə üzləşə bilər.

Daha əyani mənzərə yaratmaq üçün hazırda nəzəri olaraq mövcud olan bir sıra problemləri qeyd edək. Burada insan, cəmiyyət, dövlət, regionlar və bəşəriyyətin təhlükəsizliyində özünü göstərən dilemmanın mövcudluğunu vurğulamaq olar. Bunun səbəbi müxtəlif səviyyələrdə daim dəyişən dəyərlər və idealların mövcudluğudur. Qlobal təhlükəsizliyə daha çox təsir göstərən dövlətlərin, cəmiyyətlərin daxili və xarici mühitlərinin dəyərlərinin dəyişməsi, onlar arasında müəyyən ziddiyyətlərin yaranmasıdır. Siyasi aspektdə bu, başqa faktorlarla yanaşı, dövlətin xarici siyasətində hansı dəyərlərə üstünlük verilməsi, fəaliyyət istiqamətlərinin prioritetləri kimi məqamlarla əlaqəlidir. Bu səbəbdən böyük dövlətlərin təhlükəsizlik strategiyasının yuxarıda vurğulanan dilemmanın meydana gəlməsinə birbaşa təsiri olur.

Məsələn, ABŞ-ın milli təhlükəsizlik strategiyasının əsas ideyası Amerikanın dünyaya liderliyinin təmin edilməsidir. Amma onun başqa dövlətlərdən iqtisadi və hərbi üstünlüyü olmadan qlobal amerikan təhlükəsizliyi təmin edilə bilməz. Buna görə də ABŞ-ın milli təhlükəsizlik sistemində dövlətin rolunun gücləndirilməsi əsas məqsəd kimi götürülür. Aydın görünür ki, burada təhlükəsizlik, əsasən, "fərdi təhlükəsizlik-dövlətin təhlükəsizliyi-beynəlxalq təhlükəsizlik" kontekstində diqqətə alınır. Həm də bu sxemdə fərd "öz təhlükəsizliyi məsələsinin böyük bir hissəsini dövlətə etibar edir".

Lakin bu, Qərb sivilizasiyası üçün vacib olan fərdin azadlığı və təhlükəsizliyinin getdikcə daha çox dövlətdən asılı olmasına gətirib çıxarır ki, bu da liberal cəmiyyətdə dəyərlərin paradoksu deməkdir. Vəziyyət informasiya texnologiyaları və texniki sistemlərin yeni növlərinin meydana gəlməsi fonunda daha da mürəkkəbləşir. Çünki bu faktorlar son nəticədə cəmiyyətdə total asılılıq yaradır ki, bu da insan azadlığı məsələsini xeyli ziddiyyətli edir. İnsanlar kütləvi surətdə texnoloji faktorların təsiri altına düşür, nəzarətsiz informasiya axınına məruz qalırlar.

Bütün bunların fonunda ABŞ-ın milli təhlükəsizlik strategiyasının kökündə duran əsas ziddiyyətin bir dövlətin dünyaya liderlik iddiasının birbaşa qlobal təhlükəsizlik şərti ilə bağlı olduğu görünür. Çünki bu iddia, əslində, qlobal təhlükəsizlik paradiqmasına bir məhdudlaşdırıcı şərt qoyur. Bu, Amerikanın liderliyinin təminidir. Müəyyən mənada bu, qlobal təhlükəsizliyin bir dövlətin liderliyinə xidmət etməsi anlamına gəlir. Avtomatik olaraq başqa böyük dövlətlərdən buna etirazlar olmalıdır. Hansı səbəblərə görə bütün dünyanın təhlükəsizliyində bir ölkənin liderliyi aparıcı parametr rolunu oynamalıdır? Başqa sözlə, burada qlobal təhlükəsizlik obyektiv meyarlara deyil, konkret bir dövlətin subyektiv istəklərinə bağlanmış olur.

Şübhəsiz ki, XXI əsrin geosiyasi reallıqları, ümumiyyətlə, bir dövlətin dünya liderliyi arzusu ilə bir araya sığmır. Bu məqam bütövlükdə təhlükəsizliyin təmini məsələsində ziddiyyətlərə yol açır. Onun müxtəlif təzahürləri özünü göstərməkdədir. O cümlədən dünya ağalığı istəyi ilə beynəlxalq təşkilatların fəaliyyəti arasında paradoksal vəziyyət müşahidə edilir. Konkret desək, dünya liderliyi ambisiyası beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə və hüquqi tənzimləmə mexanizmlərinin tam işləməsinə ciddi əngəl törədir.

Maraqlıdır ki, bu barədə mütəxəssislər çox az danışırlar. Əslində isə, böyük dövlətlərin beynəlxalq məsələlərə münasibəti dəyişməyincə Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təsisatlarda real islahatların aparılması mümkün deyil. Bu sırada dünyaya ağalıq iddiasından imtina ilkin addım olmalıdır. Bir neçə konkret misalla bunu təsdiq etmək olar.

Yaxın Şərq, Cənubi Qafqaz və Şərqi Avropadakı geosiyasi problemlər niyə həll edilmir? Analitiklər və ekspertlər çoxlu səbəblər göstərirlər. Onların hamısının öz yeri və rolu vardır. Ancaq burada dünya liderliyi ambisiyasında olan ölkələrin maraqlarının toqquşması daha çox diqqət yetirilməli məqamdır. Məsələn, BMT-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsinin yerinə yetirilməməsində Təhlükəsizlik Şurası (TŞ) üzvlərinin məsuliyyəti böyükdür.

Daha çox ABŞ-ın qətiyyətsiz mövqeyi ucbatından həmin tələbə əməl olunmur. Vaşinqton İraq, Liviya, yaxud Suriya ilə bağlı qəbul edilən sənədlərin dərhal həyata keçməsində israr edir, lakin Ermənistan məsələsində xeyli yumşaq davranır, "məsləhət verir", "kimlərisə məsuliyyətli olmağa" dəvət edir və s. Fransa, Rusiya və Çin də eyni cür davranırlar. Deməli, belə hərəkətlərin arxasında liderlik ambisiyasından yaranan korporativ maraqlar dayanır.

Amerikalı mütəxəssis, Vudro Vilson adına Beynəlxalq Mərkəzin Kennan İnstitutunun elmi əməkdaşı Jozef Drezen "sanksiya tətbiqinin ABŞ-ın dövlət siyasəti olduğunu" xüsusi vurğulayır. Onlar düzgün tətbiq ediləndə yüksək effekt verə bilir. Lakin bir sıra hallarda "mənasız sanksiyalar" ortaya atılır ki, bu da səmərə vermir, dünyada geosiyasi vəziyyəti daha da gərginləşdirir. Mütəxəssisin fikrincə, bunun səbəbi xüsusi maraqları digər faktorlardan üstün tutmaqla bağlıdır.

Eyni vəziyyəti Azərbaycan, Gürcüstan və Ukraynaya olan münasibətdə də görə bilərik. Gürcüstanın ərazisində olan münaqişələr kontekstində bu ölkənin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edirlər ki, bu da ədalətli mövqedir. Tbilisini Rusiyanın təhdidlərindən qorumaq üçün bütün yardımlar göstərilir. Bu işlərin liderliyini isə Amerika edir. ABŞ Gürcüstanın dövlətçiliyini qorumaq üçün mühüm addımlar atır, prinsipial mövqe nümayiş etdirir. Ukrayna məsələsində də Vaşinqton həmin qətiyyəti göstərir. Rəsmi olaraq dəfələrlə Barak Obama bəyan edib ki, Krım Ukraynaya qaytarılmalıdır. Bunun üçün Vaşinqton Kiyevə hərbi yardımını da əsirgəmir.

Lakin Azərbaycana gəldikdə, ABŞ belə davranmır. "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır" fikri ABŞ rəhbərliyi tərəfindən açıq bildirilmir. Ümumi şəkildə ərazi bütövlüyü məsələsinə dəstək ifadə edilir və dərhal da təhdid gəlir - məsələnin hərbi yolla həlli yoxdur! Yəni ermənilərin zəbt etdikləri ərazidən çıxarılması məsələsində Amerika etiraz etmir. Eyni zamanda, əgər Azərbaycanla Ermənistan arasında işğalçı qüvvələrin zəbt etdiyi əraziləri tərk etməsi haqqında razılıq olsa, Vaşinqton buna da etiraz etməyəcək. Dolayısı ilə ABŞ digər böyük dövlətlər kimi, erməni separatçılığını dəstəkləyir və problemin ədalətli həllini öz maraqlarına qurban verir.

Çıxılmaz vəziyyət: təzyiqlər altında yeniləşmə imkansızlığı

Bu kimi misallar fonunda BMT-də islahatların niyə aparılmadığı məsələsi müəyyən dərəcədə aydınlaşır. Bir vaxtlar BMT baş katibinin köməkçisi işləmiş professor Rameş Takur həmin kontekstdə qlobal siyasətin BMT-nin fəaliyyətinə təsiri ilə bağlı düşündürücü fikirlər ifadə edir. O, "Birləşmiş Millətlər və Birləşmiş Ştatlar" adlı məqaləsində belə bir tezis irəli sürür: "BMT beynəlxalq konsensusun olmadığı yerdə onu süni surətdə yarada bilməz. O, milli maraqların harmoniyalaşması mərkəzi ola bilməz, fikir ayrılığı çox dərin olduqda, onları diplomatik metodlarla danışıqlar masası arxasında aradan qaldırmaq üçün müxtəlif ölkələr arasında vasitəçi rolunu oynayıb onları barışdıra bilməz".

Bizim nəzərdən keçirdiyimiz problem aspektində çox əhəmiyyətli və maraqlı fikirlərdir. Birincisi, BMT beynəlxalq konsensusu bütün şərtlər daxilində yaratmaq iqtidarında deyil, bunun üçün daha dərində olan və təməl xarakterli faktorların olması zəruridir. İkincisi, BMT-nin diplomatik gücünün müəyyən hüquqi və mənəvi sərhədləri mövcuddur. Üçüncüsü, ölkələrin milli maraqları əsasında fikir ayrılıqları dərindirsə, heç bir təşkilat onları barışdırmaq imkanına və mexanizminə malik deyil. Rameş Takurun yuxarıdakı fikrinin bu 3 aspekti onun sonrakı analizində konkret olaraq açılır.

Belə ki, o, keçən əsrin 70-80-ci illərindən başlayaraq beynəlxalq münasibətlərdə proseslərin hansı dramatizmlə getdiyini qısa xarakterizə edir. Professor yazır: “"Soyuq müharibə" iki fövqəlgücün qlobal savaşı idi. Dünyanın digər qismi üzərində hərbi güc və resurslarda keyfiyyət üstünlüyü Vaşinqton və Moskvaya beynəlxalq münasibətlərin xarakterini müəyyənləşdirməyə və gündəmi formalaşdırmağa (seçim bizimdir - L.M.) imkan verirdi. Qarşıdurma, bir tərəfdən, qarşılıqlı düşmənçilikdən qidalanırdısa, digər tərəfdən də, o, ideologiyaların aradan qaldırılmaz münaqişəsinin nəticəsinə çevrilirdi (seçim bizimdir - L.M.).

Rameş Takurun "soyuq müharibə" illərində beynəlxalq münasibətlərin məzmununu müəyyən edən fikirlərinə diqqət yetirək. Proseslərin mərkəzində ədalətli mövqe və beynəlxalq hüquq qaydaları deyil, Vaşinqton və Moskvanın maraqları, onların ideoloji konseptlərinin mütləq uyğunsuzluğu dayanır!

İki böyük dövlətin özlərini hakim kimi aparmasının təməlində isə hərbi güc və resurs zənginliyi dayanırdı. Onlar bu üstünlüklərini beynəlxalq aləmdəki münasibətlərin məzmununa proyeksiya edirdilər. Konkret ifadə etsək, dünya miqyasında dövlətlərarası münasibətlər ədalətə əsaslanan və bütün ölkələrin qəbul etdiyi qaydalara görə deyil, iki supergücün "mənim silahlarım güclüdür və daha zəngin ehtiyatlara (insan, təbii, texniki, iqtisadi və s.) malikəm, ona görə də beynəlxalq münasibətlərin xarakterini müəyyənləşdirəcəyəm" prinsipinə uyğun məzmun kəsb edirdi. Qlobal siyasətin gündəmi də həmin müstəvidə formalaşırdı.

Burada iki supergücün tamamilə barışmaz ideoloji mövqeləri situasiyanı daha da mürəkkbələşdirirdi. İdeologiya müəyyən mənada dövlətin hansı siyasi, mənəvi-əxlaqi, strateji, hərbi və digər dəyərlərə üstünlük verdiyini ifadə etdiyindən dünyanın faktiki olaraq iki barışmaz düşərgəyə bölündüyünü deyə bilərik. Uzun illər davam edən bu vəziyyətdə beynəlxalq münasibətlərin hansı obyektiv məzmunundan bəhs etmək olardı? Hansı dərəcədə BMT, ümumiyyətlə, ədalətli və obyektiv qərarlar qəbul edə bilərdi? Mümkün deyildi, çünki hər bir prinsipial qlobal prosesin arxasından ya ABŞ, ya da SSRİ çıxırdı.

Bəs bundan sonrakı mərhələdə nələr baş verdi? Burada vəziyyət nəinki aydınlaşmır, nəinki ədalət bərpa olunmur, obyektivlik əsasında dünyanın maraqları gözlənilmir, hətta meydana yeni iddiaçılar çıxır və vəziyyət daha qeyri-müəyyən mərhələyə qədəm qoyur.

Burada beynəlxalq təhlükəsizliyin təmini aspektində təhlükəli məqam geosiyasi balansın pozulmasından ibarətdir. İndi belə müzakirələr aparılır ki, ümumiyyətlə, balans siyasi mahiyyətlidir, yaxud burada hüquqi məzmun üstünlük təşkil edir? Bir sıra mütəxəssislər bu mübahisələri faydasız hesab edirlər. Tallinn Hüquq Akademiyasının prezidenti Reyn Müllerson balansı nəzərdə tutaraq yazır: "Hər şeydən öncə, əlbəttə, siyasi prinsip və quruluşdur ki, stabil və şəffaf olmaq üçün hüquqi normalarla möhkəmlənməlidir".

Ancaq reallıq daha çox Rameş Takurun aşağıdakı fikrində ifadə olunub: "NATO-nun ilk baş katibi Lord İsmey bir dəfə demişdi ki, onun məqsədi amerikalıları yanında saxlamaqdan, ruslara göz açmağa imkan verməməkdən və almanları günahkar göstərməkdən ibarətdir. İndi Moskva tam əsasla hesab edə bilər ki, NATO-nun məqsədi amerikalıları daim yanında saxlamaq, BMT-yə göz açmağa imkan verməmək (seçim bizimdir - L.M.) və rusları günahkar vəziyyətində tutmaqdır".

Ancaq tarixçə bununla bitmədi. Artıq Çin, Hindistan, Braziliya dünya siyasətinin "ağırçəkililər" qrupuna iddialı olurlar. Bununla liderlik iddiaçılarının dairəsi genişlənir. İndi ABŞ və Çin birbaşa liderlik uğurunda mübarizə aparırlar. Rusiya və Avropa İttifaqı qlobal siyasətdə əsas söz sahibi olmağa çalışırlar. Hindistan və Braziliya kimi ölkələr də "ilk kvartet"də yer tutmaq iddiasındadırlar. Bu məqsədi güdən başqa ölkələrin də meydana çıxması istisna deyil.

Ancaq bunların fonunda professor hesab edir ki, hələ də dünyanın heç bir problemi Vaşinqtonun iradəsinin əleyhinə həll edilə bilməz, "ABŞ əvvəlki kimi transatlantik, transsakitokean və transamerikan təhlükəsizliyinin qarantıdır".

İndi də geosiyasi aspektdə bu iki mərhələ arasındakı məntiqi bağlılığa diqqət yetirək. "Soyuq müharibə" illəri dövründə özünü göstərən hərbi gücə və ehtiyatlara əsaslanan dominantlıq kursu, "ağıllı güc" adlanan, lakin yenə də dünya üzərində diktatorluğu təmin etməli olan xətlə əvəz edildi. İdeoloji sahədə kommunistlər sıradan çıxsalar da, liberalizmin təkbaşına səmərəli konsept olması məsələsi həll edilmədi, yəni boşluq yarandı.

Bunların fonunda beynəlxalq münasibətlər sistemi ciddi dəyişməli idi. Beynəlxalq təşkilatların fəaliyyəti tamamilə yeniləşməli idi. Ancaq bunların heç biri baş vermədi. Səbəb nədən ibarətdir? Yenə də "soyuq müharibə" illərində olduğu kimi - liderlik, dominantlıq, öz maraqlarını təmin etmək, başqalarına öz dəyərlərini zorla və ya xoşla qəbul etdirmək cəhdləri əsas fəaliyyət prinsipləri olaraq qalırlar.

Bu səbəbdəndir ki, Almaniya kimi böyük dövlət tarixdə olmayan hadisəni "soyqırımı" faktı kimi tanıyır, Ermənistan özü təcavüzkar ola-ola, Azərbaycan torpaqlarını işğalda saxlayaraq təcavüz obyektini təcavüzkar kimi qələmə verməyə cəsarət edir, Suriyada qan tökülür, qaçqınlara Avropada insan kimi baxılmır. Müsəlman ölkələrində dini məzhəbçiliyi və etnik separatizmi alovlandırıb, adını "demokratiya və insan haqlarının təmininə xidmət" qoyurlar. Bütövlükdə dünya alovlanır, lakin ABŞ və Avropa bunu yeniləşmə, demokratikləşmə, söz azadlığını təmin etmə kimi təqdim etməkdən əl çəkmirlər. Belə şəraitdə BMT-də hansı islahatdan söhbət gedə bilər? Aydın deyil.

Bir sözlə, supergüclər dünyanı bir mərkəzdən elə idarə etməyə çalışırlar ki, əvvəlki dövrlərdə olan mənfi mənzərə görüntüsü yaranmasın, ümumən vəziyyət yeni rakursdan qiymətləndirilsin. Əslində, SSRİ dağılandan sonra bir müddət Qərb buna nail oldu, lakin indi əlahəzrət zaman bu görüntü pərdəsi altında olan dəhşətli reallığı üzə çıxarmaqdadır. Və orada BMT kimi təşkilatların nə dərəcədə aciz durumda olduğu aydın görünməkdədir ki, bu da olduqca kədərli bir səhnə yarandığına dəlalət edir.

Nəticə

Yuxarıdakı analizlər göstərir ki, müasir mərhələdə yeni dünya nizamının formalaşmasına ciddi ehtiyac yaranıb. Bunun üçün böyük dövlətlər öz aralarında münasibətlərə müəyyən düzəlişlər etməlidirlər. Hər şeydən öncə, beynəlxalq hüququn təməl prinsiplərinə şərtsiz əməl olunmalıdır. Bunun reallaşması üçün isə beynəlxalq təşkilatlar, ilk növbədə, BMT daha səmərəli fəaliyyət göstərməlidir.

Lakin BMT-nin mövcud imkanları və fəaliyyət mexanizmləri həmin vəzifənin öhdəsindən tam gəlməyə kifayət etmir. Bunu təcrübə təsdiq edir. Həmin səbəbdən BMT-də islahatların aparılmasına ciddi ehtiyac vardır. Ancaq paradoksal haldır ki, islahatların həyata keçirilməsinə ən böyük maneəni supergüclər arasında fərqli geosiyasi məqsədlərin olması törədir. Reallıq belədir ki, hazırda ABŞ yeganə lider olmasa da, onun mövqeyi həlledicidir.

Bununla yanaşı, əvvəlki dövrlərdən fərqli olaraq, indi Vaşinqtonun qarşısında liderlik iddiasında olan bir neçə böyük güc var. Mütəxəssislər beynəlxalq konsensusun yaradılmasında BMT-nin həlledici rol oynaya bilməyəcəyini ifadə edir, bütün prinsipial qlobal geosiyasi məsələlərin həllində başlıca işi supergüclərin gördüyünü vurğulayırlar. Ancaq, eyni zamanda, qlobal geosiyasi mühitin bu "elitar hissəsi"nin özündə vəziyyətin daha qeyri-müəyyən olduğu fikri də irəli sürülür. Nəticədə, dünyanın "yeni ağaları" ədalətli addımlar atmır, BMT-nin bu funksiyanı öz üzərinə götürməsinə isə imkan vermirlər.

Bunlardan yekun nəticə çıxarmaq olar ki, müasir mərhələdə beynəlxalq münasibətlər sistemində iki səviyyədə situasiyanın daha da mürəkkəbləşməsi prosesi gedir. Birincisi, dünya liderliyi uğrunda mübarizə aparan ölkələrin sayı artıb. Bu iddiaçılar arasında münasibətlər kifayət qədər ziddiyyətli və həssasdır. İkincisi, BMT-nin təşəbbüsü ələ alması qarşısında çoxlu sayda açıq və gizli maneələr qalmaqdadır.

Bu halda daha bir məqam aktual təsir bağışlayır - BMT-yə ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya ciddi təsir göstərə bilirlərsə, bu beynəlxalq təşkilat hansı mənada real islahatlar apara, bir neçə supergücün iradəsini hansı imkanlarla neytrallaşdıra bilər? Bizcə, bu, hələlik mümkünsüz görünür və BMT-nin yeniləşməsi haqqında nəzəri səviyyədə danışılanlar söz olaraq qalır. Dünya ictimaiyyətini isə bu "geosiyasi nağılla qidalandırırlar"! Təəssüf ki, bu reallığı dəyişmək hələlik mümkün deyil.

Leyla Məmmədəliyeva,

AMEA Fəlsəfə İnstitutunun doktorantı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür