DÜNYA
“Lifepack” çantası qurğulara enerji doldurur
Bakı, 6 may, AZƏRTAC
Müasir smartfonların avtonom iş müddətinin qısa olması ilə əlaqədar portativ enerji qurğuları çox populyardır. İstifadəçi belə qurğunu özü ilə daşımaqla lazımi anda rabitəsiz qalmayacağına əmin ola bilər. Aktiv smartfon sahiblərinin həyatını daha da asanlaşdırmaq məqsədilə akkumulyator və günəş batareyalarının quraşdırıldığı "Lifepack" adlanan çanta yaradılıb. Bu texnoloji həll sayəsində "iPhone 6" smartfon modelini 12 dəfə enerji ilə doldurmaq mümkün olacaq.
AZƏRTAC "4PDA" saytına istinadən xəbər verir ki, çantanın daxilində smartfon və qiymətli əşyalar üçün dörd gizli bölmə var. Bölmələrin birində qurğuları enerji ilə doldurmaq üçün USB çıxışı yerləşir. "Lifepack"ın içərisində olan əşyaların yerə düşəndə zədələnməməsi üçün çantanın alt hissəsi hava ilə doldurulub. Həmçinin çanta sukeçirməzdir və onu mümkün oğurluq hallarından quraşdırılmış qıfıl qoruyur.
Layihə artıq "Kickstarter" vəsait toplanışı saytında 686 min 646 dollar toplaya bilib. Bu da istehsala başlamaq üçün lazım olan məbləğdən xeyli çoxdur. Vəsait toplanışı kampaniyası ərzində "Lifepack" çantasının qiyməti 169 dollar təşkil edib, lakin onun adi qiyməti 249 dollara bərabərdir. Çantanın istehsalına oktyabrda başlanacaq.